Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELİZBAR Qafqaz mənş.

elizbar sözündən olduğu barədə məlumatlar mövcuddur. Cənubi Qafqaz ölkələrində rast gəlinən bu antroponim gürcü dilində daha geniş yayılmışdır. Azərbaycanda, əsasən, Elizbar/Elzibar şəklində işlənir. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərdə daha çox rast gəlinən şəxs adlarındandır. Elizbar adı xristian dini ilə (xristian dinini qəbul etməklə) bağlı antroponimlərdəndir. Gürcü şəxs adları siyahısında Qafqazda qədim adlardan hesab edilən adın, əsasən, XVII əsrdən sonra geniş yayıldığı barədə məlumatlar mövcuddur. XII əsrdə yaşamış gürcü knyazı Elizbar Ksanskiyə olan xalq məhəbbətinin təzahürü, adına ehtiram əlaməti olaraq həmin dövrdən etibarən bu ad məşhurlaşmağa başlamışdır. Gürcü tarixində Elizbar Ksanskiyə rəğbət onun digər knyazlar – Bidzin və Şalva Ksanskilərlə birlikdə Şərqi Gürcüstan ərazisini yadelli işğalçılardan azad etməsi və öz əqidəsi yolunda məhv edilməsi ilə əlaqədardır.

Bir məsələni də qeyd etmək lazımdır ki, Cənubi Qafqazda yaşayan digər xalqların dilində olduğu kimi, Gürcüstanda yayılmış Qafqaz mənşəli Elizbar adının mənşəyi barədə dəqiq məlumatlar yoxdur. Gürcü şəxs adları lüğətlərində bu səbəbdən adın qədim yəhudi dilində olan Yelisey (qədim yəhudu dilindən tərcümədə Tanrının xilas etmiş olduğu) və yəhudi mənşəli bar (oğul) sözü ilə əlaqəli olması ehtimal edilir. Beləliklə də Elizbar/ Elzibar kişi adının Tanrının xilas etdiyi oğul olması barədə şərhlərə rast gəlinir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu mürəkkəb adın türk mənşəli el sözü ilə başlaması, bununla da onun dəqiq türk mənşəli antroponim olması barədə ehtimallar da əsassız sayıla bilər. Çünki türk dillərində zibar sözü olması və mənşəyi ilə bağlı mənbələrdə məlumatlara rast gəlinmir. Lakin Qafqazda yayılmış qədim adlardan olan Elizbar/Elzibar antroponimi bu gün Cənubi Qafqazın digər xalqlarında olduğu kimi, dilimizdə də mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti