Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

absurd dram

XX əsrin II yarısında Qərbi Avropa dramaturgiyasında meydana çıxmış avanqard cərəyan.

Absurdizm ədəbi cərəyanının sinonimi kimi də işlənir. Ekzistensializmə qarşı, sürrealizmə meyilli cərəyan kimi formalaşıb. A.D.-da intellekt, rasional düşüncə arxa plana keçir. Tənhalıq, bədbinlik, iradə zəifliyi, ruhi passivlik, sərsəmlik, cəmiyyətdən uzaqlaşma motivləri bu cür əsərlərin əsas xüsusiyyətləridir. Əsərin süjetində pərakəndəlik görünür, obrazların nitqində məntiqi əlaqə pozulur. A.D.-ın ilk nümunələrini E.İonesko “Daz xanəndə qadın” (1953), S.Bekket “Qodonun intizarında” (1952) pyesləri ilə yaradıblar. Azərbaycan ədəbiyyatında Elçin, sonralar Kamal Abdulla, Orxan Fikrətoğlu yaradıcılığında da A.D.-ın bəzi elementlərini görmək olar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

absurdizm

XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxmış ədəbi cərəyan.

Elmi ədəbiyyatda “antiteatr”, “absurd dram”, “antidram” da adlanır. A.-ə görə, insan tarixboyu həyatda bir məna axtarmağa çalışıb, ancaq ağıllı bir cavab tapmayıb. Buna görə də A. nümayəndələri rasionallığı və məntiqi inkar edən fəlsəfi-estetik mövqedə olublar. A. qabarıq ifadəsini E.İoneskonun “Daz xanəndə qadın”, Bekketin “Qodonun intizarında” və s. pyeslərində tapıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

acı məzhəkə

Folklora aid el oyunları, xalq tamaşalarında təsadüf edilən dramaturji janr.

Müasir “tragikomediya” termininin qarşılığıdır. A.M.-də komik və tragik ünsürlərin əvəzlənməsi, bir-birini tamamlaması prinsipindən istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

acıqvermə

Toy mərasim nəğməsi; gəlin köçürülərkən oğlan evinin adamları tərəfindən musiqinin müşayiəti ilə oxunan sataşma xarakterli məzəli şeir nümunələri.

Burada oğlan evinin üstün mövqeyi, qız evinin isə uduzmuş, məğlub vəziyyəti nəzərə çarpdırılır. A.-lərdə sataşma bəzən kəskin xarakter daşısa da, səmimi zarafat ruhlu olur:

Verdim bir dana,

Aldım bir sona.

Ay qız anası,

Qal yana-yana!

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

acıtma

Uşaq folklorunda deyişənlərin bir-birinə acıq vermək üçün söylədikləri mənzumə.

Süjetli şeir, yaxud dialoq şəklində olur. Bənd sistemində, misraların ölçüsündə və qafiyələnməsində müəyyən qanun-qayda olmur. Şuxluq və ifadə aydınlığı A.-nın əsas xüsusiyyətlərindəndir. Elmi ədəbiyyatda A.-ları forma və məzmununa görə fərqləndirərək müxtəlif terminlərlə adlandırmaq cəhdləri olmuşdur: sataşma, dolama, cırnatma və s. Bununla belə, forma müxtəlifliyi və məzmun vahidliyi (acıq vermək, sataşmaq, dolamaq) bu şeirlərin hamısına xasdır:

Bu gələn arıxdımı?

Əynindəki çarıxdımı?

Altında qotur yabı,

Böyründə nöyüt qabı.

Nə minibsən çərrəmişi,

Baldırrarın qırıxdımı?

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

adinaton

yun. adynaton – qeyri-mümkün

Üslubi fiqur: haqqında danışılan hadisənin qeyri-real situasiya ilə müqayisə edilərək qarşılaşdırılması.

Bu cür müqayisə yolu ilə mübaliğə (hiperbola) yaradılır, lakin adi mübaliğədən fərqli olaraq burada sözügedən hadisənin mümkünsüzlüyü vurğulanır. Məsələn: “Göylər uçub yerə tökülər, Dunay tərsinə axar, İzmail təslim olmaz” (1790-cı ildə İzmail qalasının sərkərdəsi Mehmet paşanın rus sərkərdəsi Suvorova cavabı); “Araz tərsinə axar, mən sənə yalvarmaram” (Ə.Məmmədxanlı). “Qurani-Kərim”də bu üslubi fiqurdan geniş istifadə edilir: “Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı” (“Loğman”, 27); “Onlar üçün səma qapıları açılmaz, dəvə iynənin gözündən keçməyənə qədər onlar cənnətə daxil olmazlar” (“əl-Əraf”, 40).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

akmeizm

fr. acmeisme ˂ yun. akme – zirvə

1910-cu illərin əvvəllərində Rusiyada yeni estetik meyilləri əks etdirən ədəbi cərəyan.

A. poeziyası, ilk növbədə, individualizm, estetizmformalizmlə xarakterizə olunur. Akmeistlər ədəbi manifestində simvolizm əleyhinə çıxsalar da, “sənət sənət üçündür” nəzəriyyəsini müdafiə edirdilər. A. termini ilk dəfə M.Kuzminin “Gözəlliyə dair açıqlama” essesində işlədilib. Onlar həyatın passiv, seyrçi, idraki-estetik prinsiplərini müdafiə edir, köhnə cəmiyyətə tənqidi münasibətin əleyhinə çıxırdılar. A.-in görkəmli nümayəndələri rus poeziyasında N.S.Qumilyov, S.M.Qorodetski, A.Axmatova, O.E.Mandelştam olub. Azərbaycan poeziyasında akmeist şeirin nümunələrinə R.Rza yaradıcılığında təsadüf edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti