Şeirin vəzn və qafiyə quruluşuna qoyulan ənənəvi tələblərə sərbəst şəkildə əməl olunduğu şeir forması; verlibr.
Nəzmi nəsrdən fərqləndirən və janrdan asılı olaraq müxtəlif formalarda təzahür edən ritm və qafiyə S.Ş.-də bu və ya digər dərəcədə pozulur. S.Ş.-də bənddəki misraların, misralardakı hecaların sayı müxtəlif olur, qafiyə quruluşunda “pərakəndəlik” özünü göstərir. Bununla belə, lirik şeirə xas olan duyğuların tərənnümü, məcaz və üslubi fiqurların bolluğu S.Ş.-də də özünü göstərir. S.Ş.-in kökləri qədim dövrlərə gedib çıxır. Onun əsası XIX əsrdə ingilis şairləri, xüsusilə imajistlər tərəfindən qoyulub. U.Bleyk, H.Heyne və başqaları S.Ş.-in ilk nümunələrini yaradıblar. Azərbaycan poeziyasında S.Ş.-in ən gözəl nümunələrinə Mikayıl Rəfili, Rəsul Rza, Fikrət Qoca, Fikrət Sadıq, Əli Kərim, Vaqif Səmədoğlu kimi şairlərin yaradıcılığında rast gəlinir; məsələn:
Adamların içində rəngi qaçıb.
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil heç kəsin
Özünün sözü-söhbəti yoxdu.
Sifəti yoxdu. (Fikrət Qoca, “Rəngsiz adamlar”)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti