yun. aisthetikos – hiss edən, həssas
XIX əsrdə Avropada yayılmış, ədəbiyyat və incəsənətdə ideya-məzmuna deyil, zahiri formalara, gözəlliyə həddən artıq önəm verən fəlsəfi cərəyan.
E. tərəfdarları – rəssam və yazıçılar hesab edirdilər ki, bədii əsər insana, sadəcə, estetik zövq, həzz verməli, onu hansısa mənəvi dəyərlərlə yormamalıdır. Onlar ədəbiyyatın intellektual, didaktik və tərbiyəvi əhəmiyyətini rədd edir, “sənət sənət üçündür” şüarı ilə çıxış edirdilər. Estetlərin fikrincə, təbiət və cəmiyyət incəsənətlə müqayisədə kobud və çiy materialdır; onu əsərlərdə əks etdirməyə dəyməz, ədəbiyyat və incəsənət əsərləri yalnız öz bədiiliyi, obrazlılığı ilə gözəldir. Belə bir fikir var ki, E. cərəyanı yazıçı Oskar Uayld üzərində məhkəmə işindən sonra tənəzzül etməyə başladı. Belə ki, bu məhkəmədə estetlərin sevimli “Dorian Qreyin portreti”nin müəllifi O.Uayld öz cinsindən olan adamlarla seksual əlaqədə günahlandırılırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti