Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ayaqlı təcnis

Aşıq şeirində təcnis janrının şəkillərindən biri.

Ayaqlı təcnisin hər bəndinin axırında ölçüsünə görə o biri misralardan qısa (qırıq, yarımçıq) misra gəlir ki, bəndin məzmununu tamamlayan bu misraya ayaq deyilir:

Aşıq gərək bu meydanda bir qala,

Eşq odunu bir ətəklə, bir qala.

Әləsgərdi Xeybər kimi bir qala,

Bacara bilməzsən, dur yerində pəs,

Danışma əbəs!  (Aşıq Ələsgər)

Özünəməxsus poetik quruluşa malik olan ayaqlı təcnis az təsadüf edilən təcnis şəklidir. Ayaqlı təcnisə müstəzad təcnis də deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aydınlaşdırma bağlayıcıları

Mürəkkəb cümlənin tərkib hissələri, eləcə də  həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında əlaqə yaratmağa xidmət edən bağlayıcılar.

Ay­dın­laşdırma bağlayıcıları  bunlardır: yəni, yəni ki, mə­sələn, ki, belə ki. Yəni, yəni ki, məsələn bağlayıcıları tabesizlik, ki, belə ki tabelilik bağlayıcılarıdır; məs.: O öz yaradıcılığında aşıq şeiri­nin bir sıra növlərindən, məsələn, qoşma, gəraylı, təcnisdən istifadə etmişdir. Gəldim ki, səni görüm.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aydınlaşdırma məna əlaqəsi

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri, eləcə də həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında məna əlaqələrindən biri.

Aydınlaşdırma məna əlaqəsində tərkib hissələrdən birində (əvvəlincisində) ifadə olunan fikir digər (ikinci) tərkib hissədə aydınlaşdırılır. Bu məna əlaqəsi intonasiya və aydınlaşdırma bağlayıcıları ilə əlaqələnir. İntonasiya ilə əlaqələndikdə tərkib hissələri arasında iki nöqtə və ya nöqtəli vergül işarələrindən istifadə olunur; məs.: Ailənin bütün ağırlığını çiyninə götürmüşdü; uşaqlara da o baxırdı, yır-yığışa da, biş-düşə də.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bağlama

1) Bax: qıfılbənd.

2) Meyxana deyişmələri zamanı tərəflərdən birinin qafiyəyə uyğun şeir qoşa bilməməsi, məğ­lub olması.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti