Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

akmeizm

fr. acmeisme ˂ yun. akme – zirvə

1910-cu illərin əvvəllərində Rusiyada yeni estetik meyilləri əks etdirən ədəbi cərəyan.

A. poeziyası, ilk növbədə, individualizm, estetizmformalizmlə xarakterizə olunur. Akmeistlər ədəbi manifestində simvolizm əleyhinə çıxsalar da, “sənət sənət üçündür” nəzəriyyəsini müdafiə edirdilər. A. termini ilk dəfə M.Kuzminin “Gözəlliyə dair açıqlama” essesində işlədilib. Onlar həyatın passiv, seyrçi, idraki-estetik prinsiplərini müdafiə edir, köhnə cəmiyyətə tənqidi münasibətin əleyhinə çıxırdılar. A.-in görkəmli nümayəndələri rus poeziyasında N.S.Qumilyov, S.M.Qorodetski, A.Axmatova, O.E.Mandelştam olub. Azərbaycan poeziyasında akmeist şeirin nümunələrinə R.Rza yaradıcılığında təsadüf edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

akroteza

yun. acro – yuxarı + thesis – fikir

Antitezanın növlərindən biri: hər hansı bir fikrin və ya əlamətin ona əks olan fikri inkar etməklə vurğulanan təsdiqi.

Bu zaman, adətən, əvvəlcə inkar olunan fikir, sonra isə təsdiq gəlir; məs.: “Qanun yalanın deyil, həqiqətin keşiyində durmalıdır”.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aleksandriya şeir forması

bir termin kimi işlədilməsi XII əsrə aid edilən “Makedoniyalı İsgəndər haqqında roman”la bağlıdır

On iki hecalı fransız şeir forması.

Misraların ortasında sezura, altıncı və on ikinci hecalarda mütləq vurğu tələb edir. Misralar cüt-cüt qafiyələnib beyt əmələ gətirir. İlk nümunəsi “Böyük Karlın Beytülmüqəddəs və İstanbula səyahəti” (XI əsr) sayılır. A.Ş.F. klassisizmin faciələrinin (M.Kornel və Ş.Rasinin) hakim şeir forması olub. Rus poeziyasında bu formadan ən çox istifadə edən A.S.Puşkin olub. O, A.Ş.F.-nda iki mindən artıq şeir yazıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

allüziya

fr. allusion – zarafat, eyham < lat. alludere – zarafat etmək, eyham vurmaq

Üslubi fiqur: hər hansı fikri daha qabarıq ifadə etmək üçün məşhur deyimlərin və ya şəxs adlarının işlədilməsi.

Bu cür ifadələr konkret rəvayət və ya şəxs adı ilə assosiasiya olunduğundan nitqi daha obrazlı və təsirli edir; məs.: “O olmasın, bu olsun”, “Onun Axilles dabanı”, “Donkixotluq eləmək”, “Kim yatmış, kim oyaq” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

amfiboliya

yun. amphibolia – ikimənalılıq

Üslubi fiqur: nitqdə bilərəkdən və ya qeyri-ixtiyari yol verilmiş ikimənalılıq, ifadənin aydın olmaması.

A. bir neçə yolla yaranır:

1) Kalambur – söz oyunu. Məşhur lətifədə Molla Nəsrəddinin tütək almaq üçün ona pul verən uşağa “Sən çaldın” deməsi A. yaradır. Bu ifadəni iki mənada başa düşmək olar: “sən tütəkdə çalacaqsan” və “sən qazandın”.

2) Cümlədəki fikrin intonasiyadan asılı olaraq dəyişməsi. Bir sıra hallarda bu, sifətin substantivləşməsi ilə bağlı olur: “Qoca ovçu paltarını geyindi” cümləsində müəllif vergülündən istifadə olunmasa, qocanın ovçu paltarını geyməsi, yoxsa qoca ovçunun öz paltarını geyməsi məlum olmur.

3) Mübtədanın qeyri-müəyyən təsirlik halda olan tamamlıqla qarışdırılması. “Eşq verər həyat” cümləsi “Eşq insana həyat verər” və “Eşqi insana həyat verər” mənalarında başa düşülə bilər.

4) O, bu əvəzliyinin özündən əvvəlki cümlədə hansı obyektə aid olması qeyri-müəyyən qalır; məsələn:

“Kənd dəmirçisi özünə bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:

– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.

Şagird başa düşdüyü kimi etdi.

Növbəti gün o, kənd dəmirçisi oldu”. (Entoni de Mello)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti