fr. grotesque > ital. grottesco – qəribə, möcüzəli > yun. grotta – dar keçiddən sonra genişlənən mağara
Ədəbi əsərdəki obraza fantastik və komik səciyyə verən ifrat mübaliğə.
Adi komizmdən və fantastikadan fərqli olaraq Q.-də alogizm çox güclüdür. Burada antaqonist tərəflərin, məsələn, faciə ilə komediyanın, gözəlliklə eybəcərliyin, reallıqla fantastikanın ağlasığmaz vəhdəti yaradılır, obrazlar absurd, anormal, qəribə xüsusiyyətlərə malik olur. Q.-in kökləri mifologiyaya, arxaik bədii düşüncəyə gedib çıxır. Lakin mifologiyada o, ədəbi üsul kimi çıxış etmir, mifoloji təfəkkürdə sanki fantastik obrazların mövcudluğuna inam hiss olunur. Q. estetikası isə baş verənlərin hər cür məntiqi izah cəhdini inkar edir; müəllif bilərəkdən qeyri-təbii obraz və ya situasiya yaratdığını açıq-aşkar nümayiş etdirir. Q. modernist ədəbiyyata xas olan cəhətlərdən biridir. E.İonesko, S.Bekket, F.Kafka, K.Çapek, B.Brext və b. öz əsərlərində bu bədii üsula tez-tez müraciət ediblər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti