lat. classicus – nümunəvi, seçmə
XVII–XVIII əsrlər Avropa ədəbiyyatı və incəsənətində estetik istiqamət: yaradıcılıqda ideal estetik norma sayılan antik ədəbiyyatın obraz və formalarına müraciət.
İtalyan ədəbiyyatında meydana gəlib və son olaraq fransız ədəbiyyatında formalaşıb. İlk məşhur nümayəndələrindən biri F.Malerb sayılır. K.-i səciyyələndirən əsas cəhətlər bunlardır: bədii əsərin dəqiq, məntiqi və sxematik quruluşu, obrazların birmənalı şəkildə mənfi və müsbət xarakterlərə bölünməsi, hadisələrin və obrazların təsvirində obyektivliyin vurğulanması. K.-də janrlar ciddi iyerarxiya ilə düzülür. Əsas janr faciə sayılır. Onunla yanaşı, epopeya və oda da yüksək janrlara aid edilir. Komediya, satira, təmsil aşağı səviyyəli janrlar hesab olunur. K.-ə görə, bu janrlardan hər birinin toxunulmaz estetik normaları – kanonları var və yaradıcılıqda onların vəhdəti yolverilməzdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti