Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qomeotelevton

yun. homoios – oxşar + teleutao – bitirirəm

Üslubi fiqur: yanaşı gələn sözlərdə eynitipli morfemlərin (allomorfların) təkrarı.

Çox zaman sadalama ilə müşayiət olunması Q.-un ekspressiv imkanlarını artırır. Bəzən daxili qafiyə yaradır; məsələn:

Əslimizin, soyumuzun dilidi,

Yasımızın, toyumuzun dilidi,

Odumuzun, suyumuzun dilidi,

Odda yanan, qanda çimən şerimiz. (Z.Yaqub)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qoşma-gəraylı-bayatı

Hər qoşma bəndindən sonra gəraylıbayatı bəndinin də işləndiyi az rast gəlinən şeir forması.

Nümunə:

Sən mənim qədrimi bilmədin, canan,

İndən sonra bu dostluğu duala.

Görəndə didarın sənin hər zaman

Düşər könlüm yüz min iki xəyala.

Xəyal etdim bu sevdanı,

Çağırram qədir mövlanı.

Gözümdən töküb al-qanı,

Çün çəkirəm dərdü-bəla.

Dərd, bəla canda olu,

Cəsəddə, canda olu,

Yar gəlib seyr etməyə,

Açmışam canda yolu. (Molla Cümə)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qradasiya

lat. gradatio – tədricən yüksəlmə, güclənmə

Üslubi fiqur: söz, ifadə və ya cümlələrin emosional-ekspressiv məna baxımından güclənən və ya azalan ardıcıllıqla düzülməsi; tədric.

Yüksələn Q. klimaks, azalan Q. antiklimaks adlanır. Yüksələn Q.-ya nümunə: “Gəldim, gördüm, qələbə çaldım” (Yuli Sezar). Azalan Q.-ya nümunə: “Deyirlər, çox azdır yüz il, əlli il, İnsana bir ömür kifayət deyil” (B.Vahabzadə). Q. mətn səviyyəsində də özünü göstərə bilər. Məsələn, “Qoğal” və ya “Turp” nağılında eyni mətn parçası (“Undum, qoğal olmuşam...” və ya “Nənə babadan, baba turpdan...”) nağılboyu genişləndirilərək təkrar olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qrafoman

Qrafomaniya azarına tutulmuş, müvafiq qabiliyyətə, istedada malik olmadan yazmağa can atan adam.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qrafon

Qrafik fiqur: qrafik standartın və ya orfoqrafik normanın stilistik baxımdan nəzərəçarpacaq dərəcədə pozulması.

Sözlərin müxtəlif şriftlərlə fərqləndirilməsi, mətnə yad işarələrin daxil edilməsi, mətnin kağız üzərində fiqurlu yerləşdirilməsi və s. Q. sayılır; məs.: Əl1 olub 1 ayı 1 şir ilə / Ovladılar dovşanı təd1 ilə; Xahişi1000 tə1000 olacağına ə1000əm; Qar6 görüb 80di.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qrotesk

fr. grotesque > ital. grottesco – qəribə, möcüzəli > yun. grotta – dar keçiddən sonra genişlənən mağara

Ədəbi əsərdəki obraza fantastik və komik səciyyə verən ifrat mübaliğə.

Adi komizmdən və fantastikadan fərqli olaraq Q.-də alogizm çox güclüdür. Burada antaqonist tərəflərin, məsələn, faciə ilə komediyanın, gözəlliklə eybəcərliyin, reallıqla fantastikanın ağlasığmaz vəhdəti yaradılır, obrazlar absurd, anormal, qəribə xüsusiyyətlərə malik olur. Q.-in kökləri mifologiyaya, arxaik bədii düşüncəyə gedib çıxır. Lakin mifologiyada o, ədəbi üsul kimi çıxış etmir, mifoloji təfəkkürdə sanki fantastik obrazların mövcudluğuna inam hiss olunur. Q. estetikası isə baş verənlərin hər cür məntiqi izah cəhdini inkar edir; müəllif bilərəkdən qeyri-təbii obraz və ya situasiya yaratdığını açıq-aşkar nümayiş etdirir. Q. modernist ədəbiyyata xas olan cəhətlərdən biridir. E.İonesko, S.Bekket, F.Kafka, K.Çapek, B.Brext və b. öz əsərlərində bu bədii üsula tez-tez müraciət ediblər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qurşaqlı dördlük

Qoşma şəklində yazılmış şeirin son bəndinə qəzəl və ya məsnəvi qafiyəsinə uyğun beytin əlavə edildiyi şeir şəkli.

Musa Yaqub yaradıcılığından nümunə:

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır.

                        ***
Burda qayaların daşdır suvağı,

Burda hər daş üstə qartal caynağı,

Caynaqlı hər daşın bir buz bulağı,

Burda hər bulağın qonağı vardır,

Harda bu saydığım gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır!!!

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti