Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lirik nəsr

Əsasən, müəllif hislərinin ifadə olunduğu, emo­sional cəhətdən dolğun bədii nəsr.

Nəsrlə yazılan əsərlər, əsasən, təhkiyə xarakterli olub epik növə aid edilsə də, bəzən lirika elementləri ilə zəngin olur. Lirik nəsr bədii nəsrin müx­təlif növlərində, xüsusilə lirik-epik əsərlərdə təzahür edən üslub xüsusiyyətidir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

litota

yun. litotes – sadəlik

Təsvir olunan hadisə və varlığın miqyasının, gücünün bədii cəhətdən kiçildilməsi; mübaliğənin əksi.

Litotada hadisə və ya predmet əsərin ideyasına uyğun olaraq həddindən artıq kiçildilir; məs.:

Döydü yağış məni, döydü qar məni,

Bir qarışqa minsəm, aparar məni. (O.Sarıvəlli)

Ərəb Reyhanın adamları hamısı qırğı görmüş cücə kimi qaçıb dağıldı (“Koroğlu” dastanından).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

la-ədri

ər. – naməlum, bilinməyən

Müəllifi məlum olmayan ibarə; bu cür ibarələrin və anonim nəzm parçalarının altında müəllifin adı əvəzinə yazılan söz; anonim.

Bəzən müəllif müəyyən səbəblərdən öz əsərinin anonim qalmasını istədiyi üçün bu üsuldan istifadə edir. Amma bir çox nümunələr də var ki, müəllifi, həqiqətən, məlum deyil və bu halda əsərin naşiri L-Ə. ifadəsindən istifadə edir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lakonizm

yun. lakonismos – Qədim Yunanıstanda Lakoniya vilayətinin adından

Fikrin yığcam və aydın ifadəsi.

L. bədii ədəbiyyatda sənətkarlığın mühüm şərtlərindən hesab edilir. Atalar sözüaforizmlər üçün səciyyəvidir. Qədim Yunanıstanın Lakonika bölgəsinin sakinləri fikirlərini çox konkret və qısa bildirirdilər. Sparta dövləti də Lakonikada yerləşirdi. Spartalıların II Filippin məktubuna cavabı L.-in klassik nümunəsi sayılır. II Filipp məktubunda yazırdı: “Məsləhət görürəm ki, təslim olasınız, çünki əgər mənim ordum sizin torpaqlara daxil olsa, insanlarınızı qul edib şəhərinizi viran qoyacağam”. Spartalılar bu məktuba bir sözlə cavab vermişdilər: Əgər...” (yəni “əgər daxil olsan, edərsən”).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lakuna

fr. lacune – boşluq < lat. lacuna – çökəklik

1. Milli mədəniyyətin, etnoqrafiyanın hər hansı elementini bildirən, yalnız həmin xalqın dilində mövcud olan söz; reali.

Bu cür sözlər, adətən, milli kulinariya, geyim, adət-ənənə və s. ilə bağlı olur. Onlar başqa dillərə transliterasiya yolu ilə tərcümə edilir. Məsələn, Azərbaycan dilindəki “səməni”, “dovğa”, “təndir” kimi sözlər L. sayılır.

2. Dilin lüğət ehtiyatında hər hansı anlayışı bildirən sözün olmaması.

Bu hadisə müəyyən tarixi-linqvistik amillərlə bağlıdır. Adətən, bu cür anlayışları bildirən sözlər bir çox başqa dillərdə mövcud olur və onların milli dilə tərcüməsi müəyyən problemlər yaradır. Belə sözlər, əsasən, amplifikasiya yolu ilə tərcümə olunur.

3. Mətndə bu və ya digər səbəbdən buraxılmış hissə, söz, ifadə, mətn parçası.

Daha çox daş, gil, dəri və s. üzərində yazılmış və zaman keçdikcə xarab olmuş qədim yazılara aid edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti