lat. amplificatio – genişlənmə
1. Bədii ifadəni gücləndirmək məqsədilə sinonimlərin, antonimlərin, məcazların və ya üslubi fiqurların yanaşı işlədilməsi.
Əsasən, ritorikada işlədilən bu vasitədən bədii ədəbiyyatda, xüsusilə poeziyada da geniş istifadə olunur. Məsələn, aşağıdakı parçada təkririn müxtəlif növləri (epifora, epimona, qomeotelevton) yanaşı işlədilib:
Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var,
Kimdi səni bu qapıdan buraxan? (Z.Yaqub)
Bəzi üslubi fiqurlar var ki, A. şəklindədir. Məsələn, epistrofanın genişləndirilmiş forması olan simplokanı A. hesab etmək olar. Nümunə: “Ağ saqqallı baban yanına vardın, can vermədi, ağ birçəkli anan yanına vardın, can vermədi” (“Kitabi-Dədə Qorqud” dastanı).
2. Tərcümə zamanı dəqiq ekvivalenti olmayan söz və ya ifadənin təsvirlə verilməsi və bunun nəticəsində tərcümə mətninin böyüməsi.
Nümunə: rus dilindəki “перехоронить” feili Azərbaycan dilinə tərcümə olunarkən “Bir qəbirdən çıxarıb başqa yerdə basdırmaq” şəklində verilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti