Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

imajinizm

ing. image – obraz

XX əsrin 20-ci illərində rus poeziyasında obrazı bədii yaradıcılığın əsası sayan ədəbi-estetik cərəyan.

İ.-in yaranmasında rus futurizminin böyük rolu olub. İmajinistlər öz şeirlərində sözün həqiqi və məcazi mənasından yaradılan metaforik zəncirə xüsusi önəm verirdilər. Onların yaradıcılığı üçün epataj və anarxist motivlər xarakterik idi. Rusiyada İ.-in ən görkəmli nümayəndələri A.Marienqof və S.Yesenin idi. Onlar 1918-ci ildə Moskvada “İmajinistlər ordeni” yaratmışdılar. Sonradan buraya digər rus yazıçıları da qoşuldular. İmajinistlərin öz mətbu orqanları, hətta nəşriyyatları var idi. İ. və imajizm etimoloji cəhətdən eyniköklü terminlər olsa da, bədii-estetik məzmun baxımından onlar arasında heç bir əlaqə yoxdur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

imajizm

ing. imagism > image – obraz

XX əsrin 10-cu illərində ingilis və amerikan poeziyasında yaranan modernist cərəyan.

İ. ənənəvi poetik formaları, bədii düşüncədə istənilən ehkamı rədd edən bir cərəyan kimi meydana gəlib və XX əsr dünya ədəbiyyatına xeyli təsir göstərib. İngilis şairi Tomas Hyumun 1908-ci ildə dərc olunmuş “Payız” şeiri qeyri-adi obrazları və bənzətmələri ilə imajistlərin manifestinə çevrilib. Bu cərəyanın digər məşhur nümayəndələri E.Paund və F.Flint olub. İmajistlər təbiəti tərənnüm edir, ani təəssüratların bədii təcəssümünə çalışırdılar. Onlar iddia edirdilər ki, bədii yaradıcılığın əsas vəzifəsi ictimai məna, ideya və məzmunla əlaqəsi olmayan yeni obrazlar, sözlər axtarıb tapmaqdır. Bu obrazların öz-özlüyündə müstəqil mənası olmalı və bir söz, bir obraz digəri ilə məna əlaqəsi tələb etməməlidir. İmajistlər qafiyə və vəzndə də eksperiment aparıblar. Onlar poeziyada verlibrin (sərbəst şeirin) ənənələrini yaradıblar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

impressionizm

fr. impressionnisme > impression – təəssürat

XIX əsrin 60–70-ci illərində Fransada təşəkkül tapmış bədii-estetik cərəyan.

Termin kimi İ. 1874-cü ildə K.Monenin “Təəssürat” adlı rəsm əsəri sərgiləndikdən sonra yaranıb. Ədəbiyyatda İ. XIX əsrin sonundan XX əsrin ortalarına qədər müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən cərəyan olub. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Cərəyanın ən görkəmli nümayəndələri K.Hamsun, M.Prust, O.Uayld, K.Mone, O.Renuar, E.Deqa, K.Korovin idi. İ.-də sənətkarın əhvali-ruhiyyəsinə daha çox təsir edən müstəsna məqamlar tipik məqamlardan daha üstündür. M.Pristlinin “İtirilmiş vaxtın axtarılması” romanında Venesiyanın təsviri çox səciyyəvidir: burada eyni bir şəhər hər dəfə tamamilə başqa cür görünür; çünki qəhrəmanın görüşü, əhvali-ruhiyyəsi və dünyanı qavrama qabiliyyəti dəyişir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

intermedia

lat. inter – arasında + media – ətrafdakılara təsir edən bir şey

Dram və ya opera tamaşasının pərdələri arasında göstərilən kiçik komik səhnə və ya pyes.

XVIII əsrin əvvəlində İtaliyada uzunçəkən və ciddiliyi, gərginliyi ilə seçilən teatr tamaşalarının (məsələn, misteriyaların) pərdələri arasında əyləndirici İ.-lar göstərilirdi. İngiltərədə buna interlüdiya (ing. ludus – oyun) deyilirdi. Bu kiçikhəcmli pyeslər çox vaxt məişətdən alınmış komik səhnələrdən ibarət olurdu. Məsələn, C.B.Perqolezenin “Kəniz-xanım” adlı İ.-sında kəniz öz ağasında qısqanclıq və məhəbbət hisləri oyadaraq axırda ona ərə gedir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti