ing. imagism > image – obraz
XX əsrin 10-cu illərində ingilis və amerikan poeziyasında yaranan modernist cərəyan.
İ. ənənəvi poetik formaları, bədii düşüncədə istənilən ehkamı rədd edən bir cərəyan kimi meydana gəlib və XX əsr dünya ədəbiyyatına xeyli təsir göstərib. İngilis şairi Tomas Hyumun 1908-ci ildə dərc olunmuş “Payız” şeiri qeyri-adi obrazları və bənzətmələri ilə imajistlərin manifestinə çevrilib. Bu cərəyanın digər məşhur nümayəndələri E.Paund və F.Flint olub. İmajistlər təbiəti tərənnüm edir, ani təəssüratların bədii təcəssümünə çalışırdılar. Onlar iddia edirdilər ki, bədii yaradıcılığın əsas vəzifəsi ictimai məna, ideya və məzmunla əlaqəsi olmayan yeni obrazlar, sözlər axtarıb tapmaqdır. Bu obrazların öz-özlüyündə müstəqil mənası olmalı və bir söz, bir obraz digəri ilə məna əlaqəsi tələb etməməlidir. İmajistlər qafiyə və vəzndə də eksperiment aparıblar. Onlar poeziyada verlibrin (sərbəst şeirin) ənənələrini yaradıblar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti