Bədii əsərlərin, üslubların, janrların mənşəyini və təkamülünü öyrənən ədəbiyyatşünaslıq sahəsi.
T.P. rus ədəbiyyatşünası A.N.Veselovskinin (1838–1906) nəzəri cəhətdən əsaslandırdığı elmi istiqamətdir. Alim müxtəlif xalqların və dövrlərin folklorunu, yazılı ədəbiyyatını bir-biri ilə müqayisəli şəkildə öyrənərək dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını tədqiq edib. T.P. ədəbiyyat tarixini ədəbi-bədii formaların təkamülü kimi nəzərdən keçirir. Ənənəvi poetikadan fərqli olaraq bu nəzəriyyədə ədəbiyyat diaxronik aspektdə öyrənilir. A.N.Veselovskinin fikrincə, bədii sözün mahiyyətini öyrənmək, tədqiqat metodlarını müəyyənləşdirmək üçün ədəbiyyat tarixindən kifayət qədər “material” toplamaq lazımdır. Buna görə də T.P.-ya bəzən induktiv poetika da deyilir. Sovet dövründə T.P. burjua-kosmopolit nəzəriyyə hesab edilirdi. Lakin XX əsrin 70-ci illərindən başlayaraq T.P.-ya maraq yenidən oyandı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti