Reklam
Reklam

Məsəllər, deyimlər

ZİBİLİ KOMADAN ÇIXARMAQ

Yaxın adamlar arasında və ya qapalı bir mühitdə olan problemləri, mübahisə və ziddiyyətləri kənarda yaymaq.

İfadə qədim zamanlarda zibili bayıra çıxarmayıb evdə yandırmaq adətindən qaynaqlanaraq yayılmışdır.

Keçmişdə zibili evdən bayıra aparmaq olmazdı, onu yandırmaq (məsələn: sobada) lazım idi. Qədim təsəvvürlərə görə, zalım bir adam bayıra atılmış zibilin üstünə xüsusi sehrli sözlər oxuyaraq evin sahibinə bədbəxtlik göndərə bilərdi. Xeyli sonralar ifadə daha geniş məna kəsb etməyə və «evin sirlərini açmamaq», «evin sirlərini orada-burada danışmamaq» məqamında işlədilməyə başladı.

Adətən, inkar formada – problemi hamıya yaymamağa çağırış (zibili komadan çıxartmaq lazım deyil) məqsədilə işlədilən ifadə xalqların bir çoxunda birbaşa zibili evdən çıxarmamaq adəti ilə bağlı yaranıb; məsələn, orta əsr rus kəndlərində evdə gəlin üç tapşırığı yüksək səviyyədə yerinə yetirməli idi: su gətirməli, döşəməni silməli və bir də zibili evdən bayıra çıxarmamalıydı.

İfadə qapalı cəmiyyətlərdə yarandığından onun kəsb etdiyi məcazi məna da həmin cəmiyyətlər üçün xarakterikdir, çünki açıq cəmiyyətlərdə aşkarlıq və azad media olduğu üçün indi ictimai əhəmiyyətə malik heç bir «zibil» gizli qalmır.

Məsəllər, deyimlər