Reklam
Reklam

Məsəllər, deyimlər

YERİN ALTINDAN ÇIXARMAQ (TAPMAQ)

İstəyinə mütləq nail olmaq, təkidlə axtarıb-tapmaq, nəyin bahasına olursa olsun əldə etmək.

İfadə qədimlərdə pul və qiymətli sərvətləri yer altında gizlətmək ənənəsi ilə bağlı yaranmışdır.

Qədimdə indiki kimi var-dövləti, xüsusən pulu saxlamaq üçün əmanət kassaları, banklar və s. yox idi. O vaxt pul sahibləri qiymətli şeylər – qızıl, daş-qaş və s. alaraq öz sərvətlərini təhlükəsiz saxlamaq üçün onu yerin altında basdırırdılar. Buna «dəfinə», «qızıl küpü» də deyirdilər. Sonralar kəndli hədd-hesabı olmayan ağır vergiləri verə bilmədikdə mülkədar «bilmirəm, yerin altından çıxar!» deyə onun üstünə qışqırardı.

Beləliklə, dəfinə, yer altında gizlədilmiş daş-qaş sonralar geniş məna kəsb etmiş və «yerin altından çıxarmaq» deyimi hazırda bir şeyi mütləq tapmaq lazım olduğunu ifadə etməkdədir.

Dilimizdə «yerə soxmaq», «ölüb yerə girmək», «yerdən çıxmamışıq ki», «yerini göstərmək», «yerində oturtmaq» ifadələri də işlənir.

Məsəllər, deyimlər