1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq, yazı işi ilə məşğul olmaq, hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. □ Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. Uşaq artıq adını yazır.
2. Yazı üçün yaramaq. □ Karandaş yaxşı yazır. Qələm pis yazır.
3. Bir şeyin yazılı mətnini hazırlamaq. □ Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq.
4. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. □ Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır.
5. Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. □ Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar.
6. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. □ Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq.
7. Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. □ O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır.
8. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək, siyahıya almaq, qeyd etmək, qeydə almaq. □ On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanıdüz altı yüz əlli ikiyə çatmışdı. (C.Məmmədquluzadə).
9. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. □ Cinayətkarın əmlakını yazdılar.
Həmçinin bax: