Reklam
Reklam

Məsəllər, deyimlər

YAXŞI İGİD DAYISINA OXŞAYAR

Bir adamda olan qəhrəmanlığın, igidliyin gendən, qandan gəldiyini vurğulayan ifadə.

İfadə igidliyin nəsildəngəlmə olduğuna dair xalq inancından yaranmışdır.

Tarixən xalq arasında meydana çıxan hər hansı qəhrəmanı əvvəllər onun nəslində olan hansısa igid şəxsə oxşadıblar, onun qanından olduğunu iddia ediblər. Burada niyə məhz «dayı» sözü işləndiyini tibb elmi əsaslı şəkildə izah edir.

Müasir tibb elminin genetik əlamətlərə aid məlumatlarına əsasən müəyyən edilib ki, oğlan uşaqları ata tərəfin, qız uşaqları ana tərəfin daha çox irsi əlamətlərinin daşıyıcısı olurlar. «Ot kökü üstə bitər», «anasına bax, qızını al» kimi deyimlər məhz bu mülahizələrə görə meydana gəlmişdir.

Bəs niyə yaxşı igid dayısına oxşadılır? İş burasındadır ki, ana tərəfin irsi əlamətlərinin oğlan uşağında üzə çıxıb özünü göstərməsi, əslində, az təsadüf olunan hadisədir. Ona görə də belə hala rast gəlmək el arasında fövqəladə müsbət təzahür kimi qiymətləndirilir.

Bəzən bu ifadə iş yarıtmayan, bacarıqsız gənc insanlara münasibətdə istehza kimi də işlədilir.

Məsəllər, deyimlər