►Kimə isə kömək etmək, onun irəli getməsi üçün hər cür şərait yaratmaq, qarşısındakı maneələri aradan qaldırmaq.
İfadə vaxtilə çar Rusiyasında mövcud olmuş amansız bir cəza üsulu ilə bağlı yaranmışdır.
1917-ci ilin Oktyabr çevrilişinə qədərki Rusiyada «yaşıl küçə» ifadəsi deyəndə alman sözü «şpitsruten» ilə adlandırılmış yaşıl elastik çubuqlarla silahlanmış iki sıra əsgər başa düşülürdü. Günahkarı belə «küçə»nin arası ilə keçirirdilər, arxadan onu təqib edir, hər iki tərəfdən isə həmin yaşıl elastik çubuqlarla zərbələr endirirdilər. Sıranın arasından keçməyə taqəti olmayanları isə sürüyüb-aparır və bu halda da çubuqları işə salırdılar. Zərbələrə dözə bilməyənlərin çoxu bu «küçə»nin sonunda ölürdü. Rusiyada bolşeviklərin hakimiyyəti dövründə belə açıq cəza üsulları ləğv edildi.
Müasir dövrdə «yaşıl küçə» dedikdə şose yolda, yaxud dəmir yolunda hərəkət edən nəqliyyat vasitəsinin qarşısında olan yaşıl semafor işıqlarının fasiləsiz zənciri nəzərdə tutulur.
Məsəllər, deyimlər