Reklam
Reklam

Məsəllər, deyimlər

YARASINA DUZ BASMAQ

Dərdini təzələmək, unutduğu və xoş olmayan bir şeyi yadına salmaq, zəif yerinə toxunmaq.

İfadə Azərbaycan folklorundan və el arasında duza olan etiqaddan qaynaqlanır.

Məşhur «Məlik Məhəmməd» nağılında yaraya duz basmaq epizodu belə təsvir olunur: «Axırda gördü yuxusu gəlir, xəncərini çıxarıb barmağının başını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi».

Ümumiyyətlə, xalq inancında duz canlı varlıq kimi qəbul edilir və onun həyat gücünə inam ifadə olunur; məsələn, belə hesab edilib ki, duz gözdəymənin, nəzərin, tilsimin qənimidir. İnanıblar ki, şər qarışandan sonra üzərlik yandırmazlar, yalnız ocağa duz atarlar ki, xata-bala sovuşsun. Evin bərəkətinin duzla gəlib duzla getdiyinə də ayrıca inanc olub.

Dilimizdə «yaralı yerinə toxunmaq», «yarasını təzələmək» ifadələri də işlənir.

Məsəllər, deyimlər