Qədim hun tayfası.
Tarixi mənbələrdə bu tayfanın adı V əsr hadisələri ilə əlaqədar çəkilir. Həmin mənbələrə əsasən, X. Çora (Dərbənd) keçidindən şimalda məskunlaşıblar. V əsrdən başlayaraq Cənubi Qafqaza, daha çox Qafqaz Albaniyasına hücumlar ediblər. Cənubi Qafqazda Sasanilərə qarşı azadlıq mübarizəsi dövründə (450–451) yerli üsyançılarla X. arasında müqavilə bağlanıb. Lakin Avarayr (Avaray) döyüşündə onlar üsyançılara kömək etməyiblər. 452-ci ildə Cənubi Qafqaza hücum edən X. çoxlu əsir və qənimət ələ keçiriblər, Dərbənd səddinin bir hissəsini dağıdıblar. Sasanilərdən çoxlu pul aldıqdan sonra onlar Alan (Daryal) keçidi vasitəsilə Albaniyaya giriblər, V əsrin 60-cı illərində Albaniya hökmdarı Vaçenin üsyanını yatırıblar. Bir sıra tarixçilər X.-ı Bizans mənbələrində adları çəkilən onoqurlarla da eyniləşdirirlər.
Tarix terminləri lüğəti