Reklam
Reklam

Məsəllər, deyimlər

ÜZÜNDƏ ŞEYTAN TÜKÜ VAR

Xoşxasiyyətlilik edən, az zamanda rəğbət qazanıb özünü sevdirməyi bacaran adamlar haqqında işlədilən ifadə.

İfadə qədim insanların şeytanın davranışları, xüsusən şəkildəyişmələri haqqındakı təsəvvüründən qaynaqlanır.

Həmin inanca görə, şeytan müxtəlif cildə girərək insanları yoldan çıxarmağa çalışır. O, bəzən gənc oğlan surətində peyda olub qız-gəlinləri günah işləməyə məcbur edir, ya da əksinə. Özü şər qüvvəni təmsil etdiyinə baxmayaraq o, adamların gözünə şirin, gözəl, xoşxasiyyət, hörmətcil, mülayim görünməyə çalışır.

«Şeytan tükü» ifadəsi məşhur «Məlik Məhəmməd» nağılında aşağıdakı versiyada verilir:

«Məlik Məhəmməd gözlərini yumdu. Şeytan bir tük olub tutuquşunun tükünə qarışdı. Məlik Məhəmməd gözlərini açanda at dedi:

– Məlik Məhəmməd, qoçağım, tüklü tutuya sahib olacaqsan, tez tap.

Məlik Məhəmməd bildi ki, şeytan tük olub quşun tükünə qarışıb, dedi:

– Şeytan qardaş, gözlərinə tük dolar. Tutuquşunun tüklərinin içindən kənara çıx».

«Üzündə şeytan tükü var» deyəndə bəzən nağıldakı kimi şeytanın özünün tük kimi insana qarışdığına işarə edirlər.

Məsəllər, deyimlər