Reklam
Reklam

Məsəllər, deyimlər

TÜLKÜ HƏCCƏ GEDİR

Hiylə işlədib (xüsusən də qoca yaşında) başqalarını aldatmaq yolu ilə nəyəsə nail olmaq istəyən adamlar haqqında deyilən ifadə.

İfadə Abdulla Şaiqin xalq nağılı əsasında yazdığı «Tülkü həccə gedir» adlı əsərindən sonra geniş yayılmışdır.

Əsərdə qocalıb əldən düşmüş tülkü toyuq-cücə tutub yemək imkanı olmadığından hiyləyə əl atır. O, əyninə əba geyir, başına əmmamə qoyur, əlinə əsa alır, toyuqları ətrafına toplayıb onlara müraciətlə deyir:

– Mən bu vaxta qədər sizi çox incidib günah etmişəm, odur ki indi qoca vaxtımda günahlarımı yumaq məqsədilə həccə gedirəm.

Tülkü bu sözləri deyib toyuqları onunla birlikdə namaz qılmağa çağırır və fürsətdən istifadə edərək bir neçə toyuğu boğub öldürür, özünə yem tədarükü görür.

İfadə təkcə yaşlı və hiyləgər adamlara yox, ümumiyyətlə, pis əməlləri ilə ad çıxarmış kəslərin guya yaramaz vərdişlərindən əl çəkib əməlisaleh olmaları barədə danışanlara münasibətdə də işlədilir.

Məsəllər, deyimlər