Reklam
Reklam

Məsəllər, deyimlər

TUĞİ-LƏNƏT OLUB KEÇİB BOĞAZIMIZA

Kiminsə uzun müddət bir yerdə qalıb ixtiyar sahibi olduğunu, ədalətsiz idarəçiliyi ilə xalqı boğaza yığdığını bildirən ifadə.

İfadənin Şərq ölkələrində sülalə hakimiyyətlərinin uzun sürməsi, müstəbid rejimlərin xalqı zinhara gətirməsi ilə bağlı yarandığı ehtimal olunur.

Qədim türk dilində «tuğ» sözü «bayraq» mənasını bildirir. Hələ qədimlərdə hər türk tayfasının öz bayrağı olurdu. «Kitabi-Dədə Qorqud» və «Oğuznamə» kimi qədim yazılı abidələrdə rast gəlinən bu sözün «tuği-lənət», yəni «lənət bayrağı» şəklində işlədilməsi təsadüfi deyildir. Qədimlərdə ədalətsiz sülalə hakimiyyətləri uzun sürəndə, zülm və səfalət içində yaşayan xalqın gücü bir şeyə çatmayanda bu sülalənin bayraqlarını lənətləyirdilər. Tədricən həmin bayraqlar rəmzdən daha çox, lənət obyekti kimi qəbul edilirdi. Bayraqları məmləkətin hər yerində illər uzunu dalğalananda, bu sülalə xalqı məhkum edəndə onun bayraqlarını lənətləyirdilər. İfadə də məhz buradan qaynaqlanır.

İfadənin yaranmasının başqa ehtimalı da vardır. Güman edilir ki, qədimlərdə bir ölkəni işğal etdikdə onun hökmdarını arabaya oturdar, boğazına da məğlub ölkənin bayrağını bağlayıb camaat arasında gəzdirər, lənətləyərmişlər.

Bütün hallarda birinci fərziyyəni daha ağlabatan hesab etmək olar.

Məsəllər, deyimlər