Süjetinin əsasında tarixi hadisə(lər) duran roman.
Tarixi romanda tarixi fakt bədii təxəyyüllə sintez olunur, əsas hadisələr tarixi fonda verilir, baş qəhrəman tarixi hadisələrin əsas iştirakçısı kimi çıxış edir. Bu janrın rüşeymlərinə antik ədəbiyyatda: Makedoniyalı İsgəndər və Troya müharibəsi haqqında bədii əsərlərdə rast gəlmək mümkündür. Bununla belə, ədəbiyyat tarixində ilk tarixi roman müəllifi şotland yazıçısı Valter Skott (XIX əsr) sayılır. Onun “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard” əsərləri bu janrın ilk nümunələri hesab edilir. Azərbaycan ədəbiyyatında M.S.Ordubadi (“Qılınc və qələm”), Y.V.Çəmənzəminli (“Qızlar bulağı”) ilk tarixi roman müəllifləridir. XX əsr ədəbiyyatında S.Rəhimov, M.İbrahimov, İ.Şıxlı, A.Makulu, Ə.Cəfərzadə, F.Kərimzadə, C.Bərgüşad və b. tarixi romanları ilə yadda qalıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti