İnsanın istənilən məsələ barədə öz fikir və düşüncələrinə malik olmaq, onları həm yazılı, həm də şifahi şəkildə senzurasız, sərbəst ifadə etmək hüququ.
Bu geniş anlayışa hər kəsin istədiyi informasiyaları, ideyaları axtarmaq, əldə etmək və ifadə formasından asılı olmayaraq yaymaq hüquqları da daxildir. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə və ölkənin konstitusiya aktlarına görə, S.A. yalnız qanunun yol verdiyi və buna ictimai zərurətin yarandığı hallarda – digər şəxslərin hüquq və azadlıqlarının, dövlət təhlükəsizliyinin, sağlamlığın, mənəviyyatın, ictimai təhlükəsizliyin qorunması məqsədilə məhdudlaşdırıla bilər. S.A. – ümumbəşəri fundamental dəyər kimi bir tərəfdən konkret insanın fərdi inkişafı, onun cəmiyyətdə özünü ifadə edə bilməsi üçün vacibdir, digər tərəfdən ölkədə demokratik dövlət idarəçiliyinin və sosial-iqtisadi inkişafın təmin olunmasının əsas şərtidir. S.A. əsassız məhdudiyyətlərə məruz qoyulan cəmiyyətdə mətbuat azadlığı, müstəqil media mövcud ola bilməz.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti