►Birinin öz mövqeyinə, nüfuzuna həddindən artıq güvənib arxayınlaşması, hazırlıqsız olması, tərəqqi etməməsi haqqında işlədilən ifadə.
İfadə islam peyğəmbərinin nəslindən olan şəxslərin davranışı ilə bağlı el arasında formalaşmış qənaətdən yaranmışdır.
İslam dininin əsasını qoymuş Məhəmməd peyğəmbərin oğul övladı olmadığından qızı Fatimədən və onun övladlarından törəyən şəxslərə seyid, ağa deyilirdi. Seyidlər müsəlman dininə mənsub olan xalqların yaşadıqları bütün bölgələrdə, xüsusən şiəliyin geniş yayıldığı ölkələrdə, o cümlədən Azərbaycanda da nüfuz sahibləri olmuşlar. Azərbaycanda bu gün də el arasında hörmətli və nüfuzlu seyidlər vardır.
Təəssüf ki, müəyyən zamanlarda «seyid» kateqoriyasına aid olanların bəziləri «ulu babalarının hörməti»nə, onun nüfuzuna, bəzən də peyğəmbərliyin mistik gücünə, cəddə arxayın olub öz bildiyini edir, sadə insanları saymır, din adından sui-istifadəyə yol verirdilər. Belə seyidlər çox vaxt bir sənət-peşə əldə etmir, ictimai əməklə məşğul olmur, «öz cəddinə arxayın olaraq» camaatın ona müraciəti, dua yazdırması, nəzir verməsi və s. hesabına dolanırdılar. Avam camaatı «Səni cəddimə tapşırıram» deyə qorxudanlar da tapılırdı. Amma oxumuş, təhsilli insanların sayı artdıqca, xalqın din haqqında bilgiləri çoxaldıqca belələrinin də bazarı bağlanmış olurdu.
Bəzən seyidlərlə yanaşı, çox möhkəm arxaya malik şəxsin alacağı köməyə bərk ümid bəslədiyi hallarda «seyid öz cəddinə arxayın olan kimi, bu adam da filankəsə arxayındır» deyirlər.
Məsəllər, deyimlər