Reklam
Reklam

Məsəllər, deyimlər

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ

►İctimai-siyasi həyatda və ya idarəçilikdə hansısa yüksəkvəzifəli şəxsin rol və xidmətlərinin süni olaraq şişirdilməsini əks etdirən ifadə.

Bəzən bu və ya digər siyasi xadimin əleyhinə təbliğat aparmaq üçün də istifadə edilən bu ifadə ötən əsrin 50-ci illərinin ortalarında SSRİ-də stalinizmi pisləyən siyasi kampaniyalar zamanı meydana çıxaraq yayılmışdır.

Ümumiyyətlə, avtokratiyanın əsası olan şəxsiyyətə pərəstiş sovet siyasi sisteminin tarixində ən ağrılı problemlərdən biri olmuşdur. Güclü çaları olan bu ifadəni ilk dəfə Sov.İKP-nin XX qurultayında (24–25 fevral 1956) partiyanın lideri Nikita Xuruşşov «Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında» adlanan məruzəsində işlətmişdir. Sov.İKP MK-nın baş katibi qurultaydakı məruzəsində İosif Stalinin «sosialist qanunçuluğunu» və «partiya həyatı normalarını» kobud şəkildə pozmasını kəskin tənqid etmişdir. Xruşşov qeyd etmişdir ki, partiyada və sovet orqanlarında mühüm vəzifələri ələ keçirmiş İ.Stalin əlində hədsiz dərəcədə hakimiyyəti cəmləşdirərək özünü az qala «Allah kimi» aparmışdır. Buna görə də İ.Stalinin hər bir sözü az qala qanun gücü kəsb etmiş və dərhal icra olunmuşdur.

Müasir dövrdə şəxsiyyətə pərəstiş, adətən, demokratiyanın və hakimiyyət bölgüsünün olmadığı ölkələrdə və hakimiyyətin adamların əlində cəmləşdiyi totalitar rejimlərdə üzə çıxır.

Məsəllər, deyimlər