►Şərq ölkələrinə, Şərq xalqlarının adət-ənənələrinə həssas yanaşmağın vacibliyini bildirən ifadə.
İfadənin ingilis diplomatiyasından qaynaqlandığı ehtimal edilir.
Tarixən Asiya, yaxud Şərq ölkələri ilə bağlı hər hansı söhbətlərdə, siyasi böhranlarda, çətin situasiyalarda, replikalarda bu ifadə dönə-dönə işlənir. Böyük Britaniya səfirlərindən biri hələ XVII əsrdə öz hökumətini xəbərdar edirdi ki, Şərq incə məsələdir və ona görə də burada bir çox amillər nəzərə alınmaqla siyasət fərqli şəkildə yeridilməlidir.
İfadənin məğzində bir sıra özəllikləri ilə fərqlənən Şərqdə hadisə və insanlara fərqli yanaşmaya çağırış var. Ümumiyyətlə, hər hansı incə məsələyə həssas, ehtiyatla yanaşmaq lazım gəldikdə və ya ciddi düşünmək tələb edən situasiyalarda tez-tez bu ifadəyə rast gəlinir və belə hallarda «Şərq» sözü başqa anlayışla da əvəzlənə bilir.
«Şərq incə məsələdir» ifadəsinin yeni populyarlıq dalğası «Səhranın bəyaz günəşi» bədii filmində (ssenari müəllifi: R.İbrahimbəyov, rejissor: V.Motıl; 1969) qızıl əsgər Suxovun (aktyor A.Kuznetsov) ifadə-replikasından sonra başlanmışdır.
Məsəllər, deyimlər