►Ağlayıb-sıtqamaq, yas qurmaq, ucadan ağı deməklə dərd və kədəri bildirmək.
İfadə şiә müsәlmanlarının hər il məhərrəm ayında qeyd olunan «Aşura» mərasimindən qaynaqlanır.
Bu mәrasim Mәhәmmәd peyğәmbәrin nәvәsi İmam Hüseynin və onun tərəfdarlarının Kərbəla çölündə faciəli şəkildə qətlə yetirilmәsi ilә әlaqәdar hər il mәhәrrәm ayının 10-da icra olunur.
İmam Hüseyn 10 oktyabr 680-ci ildә hakimiyyәt uğrunda aparılan mübarizәdә məsləkinə sadiq qalaraq mərdanə şəkildə hәlak olmuşdu. Yezid onun bütün tәrәfdarlarını mәhv edә bilməmişdi. Onlar gizlin fәaliyyәt göstәrir vә Hüseynin müqәddәsliyi haqqında müxtәlif rәvayәtlәri geniş şәkildә yayırdılar. Hüseynin faciәli ölümündәn bәhs edәndә deyilәn «Şah Hüseyn, vah Hüseyn!» nidaları sonralar həmin mərasimin (qısaltması: şaxsey-vaxsey) adı olmuşdur.
XVI әsrdә şiәlik bir dövlәt dini şәkli aldıqda Hüseynin ölümü günü matәm elan edilmiş vә bu, müәyyәn mәrasim kimi icra edilmәyә başlamışdır. M.F.Axundzadənin «Kәmalüddövlә mәktubları»nda deyilir: «...biçarә xalq bir mәrtәbәdә nadandır ki, bu növ bәlaların vücudunu hərgiz dәrk etmәyib küçәlәrdә başına vә döşünә döyə-döyә gәzir, şaxsey-vaxsey nalәsin ərşə bülәnd edir».
«Şaxsey-vaxsey» ifadəsi bizim günlərdə də öz ilkin mənasını saxlayır və əsasən, yas qurmağı, ağlaşmağı bildirir.
Məsəllər, deyimlər