►Yalan danışmaq, aldatmaq, kələk gəlmək, boşboğazlıq etmək, hiylə işlədərək özünü gözə soxmaq.
İfadə İtaliyada yer adı olan «çerreto» sözündən yaranmışdır.
Orta əsrlərdə dövlət büdcəsinə kifayət qədər pul yığılmayanda kilsə vaxtaşırı olaraq «indulgensiya» (günahların bağışlanması barədə sənəd) satışına göstəriş verirdi. Yəni kilsəyə ianə verən hər bir kəsin günahından keçilirdi. Ancaq indulgensiya satışı ilə məşğul olan adamlar, əsasən, kasıblardan, öldükdən sonra cənnətə düşmək istəyən nadan insanlardan mümküm qədər çox pul qoparmağa çalışırdılar. Məhz indulgensiya satanlardan birinin bu cür çirkin fəaliyyəti sonda Reformasiya ilə nəticələndi.
İtalyanlar hansısa səbəbdən indulgensiya satanları Romadan 90 mil şimalda yerləşən Çerreto kəndinin adı ilə çerretano adlandırmağa başladılar. Ola bilsin, buna səbəb bədnam indulgensiya satanlardan birinin əslən buralı olması, bəlkə də, kənd sakinlərinin fəal şəkildə ticarət etmələri idi. Ticarətçilərin isə dilli-dilavər olması sonda «çerretano» sözünün tədricən italyan dilində «boşboğaz» mənasını verən «şarlatano»ya çevrilməsinə gətirib çıxardı.
İngilis dilində bu söz («charlatou») ilk vaxtlar yalnız çoxdanışan tacirlərə deyilirdi. Şarlatanlar çox zaman saxta dərmanlar satır və özlərini tibb sahəsində dərin biliklərə malik adamlar kimi aparırdılar. Əslində isə belə deyildi. Bundan sonra yalançı bilikləri və bacarıqları ilə lovğalanan istənilən adama şarlatan deyilməyə başlandı.
Məsəllər, deyimlər