►Xalq inancına görə, dua oxumaqla kimisə zərərsizləşdirmək, gücünü almaq, fikrindən daşındırmaq, dilini-ağzını bağlamaq.
İfadə dua və ya hər hansı sehrli üsulla qurdun ağzını bağlamaqla əlaqədar xalq inancından qaynaqlanır.
Adətən, dan yeri sökülən vaxt, yəni lap tezdən hamı, hətta itlər də şirin yuxuda olur. Məhz bu əlverişli vaxtda canavar (qurd) ova başlayır, ağzına yem gəlir. Canavarla mübarizə aparmaqda aciz qalan insanlar kənd mollalarına müraciət edirdilər. Onlar da ev heyvanlarını guya qurddan qorumaq üçün dua oxuyur, qurdağzı bağlayırdılar. İfadə də bununla bağlı yaranıb.
Xalq etimologiyasında sözün mənası «canavarın ağzını bağlamaq» kimi şərh olunur. Bundan başqa, «Dilini-ağzını bağlamaq» ifadəsi də var və ikinci yozuma haqq qazandırmaq üçün dəlil ola bilər.
Türk dillərinin bəzilərində «qurdağzı bağlamaq» birləşməsi hərfi mənada «dan yeri ağaran vaxt canavarı dayandırmaq» kimi anlaşılır.
Məsəllər, deyimlər