Sözün formasını dəyişən, yeni söz yaratmayan şəkilçi.
Qrammatik şəkilçilər Azərbaycan dilinin qrammatikasında daha çox iki nitq hissəsi ilə bağlıdır: isim və feillə. İsimlərə qoşulan qrammatik şəkilçilər: cəm şəkilçisi: -lar2 (analar, nənələr); mənsubiyyət şəkilçiləri: -ım4 (-m), -ın4 (-n), -ı4 (-sı4), -ımız4 (-mız4), -ınız4 (-nız4), -ları2 (anam, anamız, anan, ananız, anası, anaları); hal şəkilçiləri: -ın4 (-nın4), -a2 (-ya2), -ı4 (-nı4), -da2, -dan2 (kitabın, kitaba, kitabı, kitabda, kitabdan); xəbər (şəxs) şəkilçiləri: -am2, -ıq4, -san2, -sınız4, -dır4, -dır4+lar2 (adamam, adamsan, adamıq, adamsınız, adamdır, adamdırlar). Feillərə qoşulan qrammatik şəkilçilər: inkarlıq şəkilçisi: -ma2 (yazma, gəlmə); feil şəkillərinin şəkilçiləri: -a2, -ası2, -malı2, -sa2 (gələsi, deyəsi, yaza, oxumalı, oxusa); zaman şəkilçiləri: -ır4, -mış4 (-ıb4), -dı4, -acaq2, -ar2 (oxuyar, deyir, dedi, demiş, deyib, deyəcək, deyər); şəxs sonluqları: I şəxs: -ım4, -am2, -m, -aq2(q-k), -ıq4(-q) (yazaq, oxumuşuq, alım, baxam); II şəxs: -san2, -ın4(-n), -sınız4, -nız4 (almısan, oxudun, aldınız); III şəxs: -sın4, -dır4, -sın4(-lar2), -dır(lar) (alsın, yazsınlar, aldılar, oxumalıdırlar); məsdər şəkilçisi: -maq2 (-ma2) (gəlmək, gəlməsi, oxumaq, oxuması); feili sifət şəkilçiləri: -mış4, -acaq2, -an2, -malı2, -ası2, -dıq4+mənsubiyyət şəkilçisi (yatmış (pişik), görüləcək (iş), yazan (adam), yazdığım (kitab); feili bağlama şəkilçiləri: -ıb4, -araq2, -dıqca2, -a2-a2, -madan2, -anda2, -dıqda2, -arkən2, -dıqca4, -ınca4, -ar2-maz2 (gülüb, gülərək, güldükcə, gülə-gülə, gülmədən, güləndə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti