Reklam
Reklam

Məsəllər, deyimlər

QOYUN SÜRÜSÜ

►Öz ağlı ilә deyil, başqalarına baxıb kor-koranə hәrəkәt edən, öz haqqını qoruya bilməyən fərdləri və ya insan qruplarını səciyyələndirmək üçün işlədilən ifadə.

İfadә Fransa yazıçısı Fransua Rablenin (1494–1553) «Qarqantua vә Pantaqruel» romanından qaynaqlanaraq yayılmışdır.

Romanda tәsvir olunur ki, Panurq gәmidә bir sürü qoç aparan Hinduşka adlı tacirlə rastlaşır, sözləri düz gəlmir və onunla söyüşür. Tacirin kobud davranışını bağışlamayan Panurq tacirin ən kök qoçlarından birini çox baha qiymətə alıb dənizə atır. Qalan bütün qoyunlar da bunun dalınca dənizə tullanır və beləliklə, sürünün hamısı dəryada qərq olur.

Bu əhvalat qədim Avropa nağıllarında da vardır. Əsərdə həddindən artıq qorxaq, ağlağan, çığırğan adam kimi təsvir olunan Panurqun adı qədim yunan mifologiyasındakı meşə allahı Panla əlaqədardır. Yarıinsan, yarıheyvan şəklində keçidırnaqlı, uzunsaqqalı və buynuzlu təsəvvür edilən Pan daim çaxnaşma törədir ki, «panika» sözü də buradandır.

Üzeyir Hacıbəylinin «Ha fikir edirəm, başa düşmürəm!» felyetonunda deyilir: «Ay Filankəs... yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah, inanma, onlar hələ qoyun sürüsüdür».

Məsəllər, deyimlər