Reklam
Reklam

Məsəllər, deyimlər

QIRMIZI XƏTTİ KEÇMƏK

Hamının qəbul etdiyi qaydanı, qoyulmuş ümumi qadağanı pozmaq, yanlışlığa yol vermək.

İfadənin XVIII əsrdə I Pyotr zamanında Rusiyada şəhər quruculuğu ilə bağlı meydana çıxdığı ehtimal edilir.

Həmin dövrdə şəhərsalma işlərində tətbiq olunan qırmızı xətlərin mahiyyəti ondan ibarət idi ki, şəhərsalma planının gerçəkləşdirilməsi zamanı müəyyən edilmiş ərazilərə heç kim toxunmasın. Yəni şəhərsalma strukturunun əsas karkas elementləri sayılan küçə-yol şəbəkəsi və bu şəbəkənin xanalarında yaranan məhəllələr qırmızı xətlərlə cızılırdı. Heç kimin bu xətləri keçməyə və ya onu dəyişməyə ixtiyarı yox idi, çünki onlar bu ərazilərin sərhədlərinin qoruyucuları sayılırdı.

Beləliklə, «qırmızı xətt» anlayışı tədricən şüurlarda sərhədlərin bir növü kimi qəbul edilir, böyük əraziləri bir-birindən ayırırdı. Qeyd etdiyimiz kimi, bu xətlər, ilk növbədə, şəhərsalma qaydasının və layihə hazırlanmasının əsas elementlərindən birinə çevrilirdi. Məhz bu elementin köməyi ilə ərazinin planlaşdırma kompozisiyası, küçələrin və digər açıq yerlərin məkan xüsusiyyətləri müəyyənləşdirilirdi. Başqa sözlə, bu xətlər təkcə planlaşdırmanın hüquqi sərhədlərini deyil, həm də müəyyən məhdudiyyətləri özündə əks etdirirdi.

Bu ifadənin qarşılığı kimi dilimizdə «qurşaqdan aşağı vurmaq», «cızığından çıxmaq», «ağını çıxarmaq» kimi deyimlər də işlədilir.

Məsəllər, deyimlər