ərəb. qazı (əslində qazi) sözündəndir. Dilimizin ahəng qanununa uyğun qazı şəklinə düşmüş qazi sözü bir neçə mənada işlənir: 1. Allah yolunda, din uğrunda savaşan kişi; 2. Yerinə yetirən, icra edən, şəriət hakimi. Qəza edən və savaşa qatılan; 3. Qalib, fateh, qələbə çalan, qalib gələn; 4. Müharibədə yaralanan adam.
Müasir türk dillərinin əksəriyyətində qazi sözü vətən uğrunda gedən döyüşlərdə yaralanan şəxs anlamındadır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Qazi də bu qəbildən olan kişi adları sırasındadır. Qazi vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqaz və İran üçün səciyyəvi titullardan olmuşdur. Sonradan adın təhrif olunmuş forması Qazı da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Müasir Azərbaycan dilində qazi/qazı sözü ümumiyyətlə işlənmir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qazi/Qazı da bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti