Reklam
Reklam

Məsəllər, deyimlər

PURİTAN QANUNLARI

Heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən qayda və qanun haqqında işlədilən ifadə.

İfadə orta əsrlər Avropasında din sahəsində «qanun yaradıcılığı» prosesində meydana çıxmışdır.

Orta əsrlərdə bəzi dini qruplar belə hesab edirdi ki, insanın yeganə və ən başlıca işi Allaha sitayiş edib ruhun xilası haqda düşünməkdir. Onların fikrincə, insanın hiss və istəklərinə aid hər bir şey onu bu vacib işdən ayırır və cəmiyyətə ziyan vurur. Belə düşünənlərin hakimiyyətdə olduğu dövlətlərin qanunları, əsasən, əxlaqın keşiyində durur. Bazar günləri, yəni xristianların Allaha həsr etməli olduqları gün bu qanunları pozanlar üçünsə xüsusi cəzalar nəzərdə tutulur.

XVII əsrdə rəsmi kilsəni qəbul etməyən ingilis protestantlarının (lat. puritas – təmizlik) iradəsinin ifadəsi olan puritanların bir siyasi-dini hərəkat kimi meydana çıxmasından, onların cəmiyyətə təsiri gücləndikdən sonra dini, mənəvi-əxlaqi dəyərlər də cəmiyyətdə ön plana keçir, qanunlar sərtləşir. Belə qanunlar Avropa ölkələrində, əsasən, protestant icmalarının güclü olduğu yerlərdə qəbul edilmişdi.

Amerikanı müstəmləkəyə çevirməyə çalışan protestantlar İngiltərədə qəbul olunmuş əxlaq qanunlarını 1620-ci ildə buralarda da tətbiq etməyə başladılar. Ayzek Azimovun fikrincə, bundan sonra kilsəni ziyarət etmək məcburi şəkil aldı. Zinət əşyaları taxmaq qadağan olundu, öz hisslərini hamının yanında ifadə etmək isə təqdir edilmədi. Bazar günləri dinə aid olmayan bütün fəaliyyət növləri, o cümlədən iş, idman, səyahət və s. qeyri-məqbul sayıldı.

O vaxtdan heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən hər şeyə «puritan qanunları» deyirlər.

Məsəllər, deyimlər