Reklam
Reklam

Məsəllər, deyimlər

POTYOMKİN KƏNDLƏRİ

Gözəllik və abadlıq olmayan yerdə onun təəssüratını yaratmağı, eyibləri, nəyinsə xoşagəlməz halını ört-basdır etməyi, reallığı gizlətməyi, zahiri bəzəyə üstünlük verməyi bildirmək üçün işlədilən ifadə.

İfadə rus çariçası II Yekaterinanın sarayındakı əyanların ən səlahiyyətlisi olmuş Qriqori Potyomkinin adı ilə bağlıdır.

Potyomkinin əlinə Rusiyanın cənubunda yerləşən, əvvəllər Türkiyənin hakimiyyəti altında olmuş Krım və Novorossiya, Ukraynanın yenidən zəbt olunmuş ərazilərinin bir hissəsi keçmişdi. İmperatriçə 1787-ci ildə yeni torpaqları görmək istədi. İmperatriçəsini idarə elədiyi yerlərin zənginliyi ilə heyran etmək istəyən Potyomkin onun gedəcəyi yolboyu teatr dekorasiyaları kimi bəzəklər – möhtəşəm evlərdən ibarət gözəl «kəndlər» qurmağı əmr etdi.

Çariça sürətlə getmirdi və o dayanarkən yalançı kəndlər də yol üstündə olan başqa yerlərə köçürülür və kimsəsiz çöllüklərdə qurulurdu. Yekaterina yeni zəbt olunmuş vilayətin əhalisinin «sıxlığını» və «kəndlərin» gözəlliyini böyük məmnuniyyətlə qeyd edirdi. Yeni ərazinin əhalisinin belə tez artırılmasına görə Potyomkin «Tavrida knyazı» titulu ilə mükafatlandırılmışdı.

İşlərin pis və xoşagəlməz vəziyyətini gizlədən yalançı bər-bəzəyi bildirən «Potyomkin kəndləri» ifadəsi belə yarandı. Dilimizdə bunun qarşılığı olan «üstü bəzək, altı təzək» ifadəsi vardır.

Məsəllər, deyimlər