Reklam
Reklam

Məsəllər, deyimlər

PİŞİYİ BİRİNCİ GECƏ ÖLDÜRƏRLƏR

►Bir işi zamanında görməyin, xüsusən tərbiyəni vaxtında verməyin vacibliyini bildirən ifadə.

İfadə xalq arasında geniş yayılmış bir rəvayətdən qaynaqlanır.

Rəvayətdə deyilir ki, iki dost eyni vaxtda iki bacı ilə evlənir. Bacılardan biri xoşxasiyyət, intizamlı, ərinə qulaq asan, onun sözünə əməl edən, o biri isə acıdil, dikbaş, ədəbsiz, əri ilə hesablaşmayan gəlin olur. İkinci qadının əri bir gün öz dostundan soruşur:

– Bəs necə oldu ki, bir yerdə tərbiyə alıb böyümüş bu qızlardan biri belə ədəbli, o biri isə dikbaş və tərbiyəsiz çıxdı?

Yoldaşı cavabında deyir:

– Mən arvadımı evə gətirdikdən sonra qorxutmuşam. İlk günün axşamı oturub xörək yeyərkən pişik gəlib zəhləmizi tökməyə başladı, nə qədər acıqlandımsa, xeyri olmadı, axırda cana yığıldım və xəncərlə pişiyin boynunu üzüb yerə atdım. O vaxtdan arvadım məndən qorxur və bir sözümü iki eləmir.

Kişi bu xəbərdən cox sevinib evinə gedir. Axşam oturub çörək yeyərkən o da pişiyə acıqlanıb onun başını kəsəcəyi ilə hədələyir. Pişik sözə baxmadıqda o ayağa durub xəncəri qapır. Bunu görən arvadı onun əlini saxlayıb soyuqqanlılıqla deyir:

– Ay kişi, sən atanın goru, xəncəri yerinə qoy, pişiyi birinci gecə öldürərlər.

İlk təsəvvür yaratmağın əhəmiyyətindən danışarkən bu məsəldən istifadə edirlər. Buna alternativ olaraq «Arvadı gərdəkdə, uşağı bələkdə tərbiyə edərlər» deyimi də işlənir.

Məsəllər, deyimlər