►Bütövlükdə bir işi yarıtmayan, amma həmin işin kiçik detalı ilə bağlı lovğalanan adamlar haqqında istehza ilə işlədilən ifadə.
İfadə sovet dövründə Qarabağ bölgəsindəki rayonların birində bir milis işçisinin başına gəlmiş hadisə ilə bağlı yaranmışdır.
Xankişi adlı fağır və çəlimsiz bir milis işçisi həbsxanada dustaqlara nəzarətçi işləyirmiş. Bir gün həbsxanada dustaqlara günorta yeməyinin gətirilməsi ilə bağlı ciddi problem olur. Ona görə də türmə rəisi Xankişini çağırır və rayon sakini olan cantaraq dustaqlardan birini də kömək üçün ona qoşub yaxınlıqdakı kafelərin birinə yemək dalınca göndərir. Məsafə yaxın olduğuna görə dustaqla Xankişi piyada gedirlər.
Sən demə, dustaq həbsxanaya haqsız düşdüyü üçün qaçmağa fürsət axtarırmış. Ona görə də bir körpüyə çatanda dustaq fürsəti fövtə verməyib bir yumruqla Xankişini yerə sərir. Sonra da onun üstündəki tapançanı qoburundan götürüb çay boyunca qaçaraq kolluqlarda yoxa çıxır.
Xankişi bir azdan özünə gəlib tez başılovlu rəisin yanına qaçır və olanları danışır. Rəis silahın da qaçırıldığını biləndə sual verir ki, o köpəyoğlu tapançanı qoburu ilə apardı, yoxsa onsuz. Xankişi bu yerdə qürrələnərək deyir:
– Rəis, nə danışırsız, ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu. Mən ona qobur verərəm?!
Tezliklə bu söhbət yayılaraq dillərə düşür. İfadə isə tam olaraq «ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu» şəklində yayılır.
Məsəllər, deyimlər