►Böyük-kiçiyin, hörmət-izzətin bilinmədiyi, dinin-imanın və ədalətin qəhətə çıxdığı, heç kimin öz yerində olmadığı, səfeh adamların başa çəkildiyi məmləkət haqqında kinayə ilə işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Rəvayətə görə, Allah-taala günlərin birində imanlı bir kişini uzaq məmləkətə peyğəmbər təyin edir. Deyilən məmləkətə gələn kişi qaranlıq düşdüyündən gecələmək üçün bir dəyirmana yaxınlaşır. Dəyirmançı qonağı içəri dəvət edib ona süfrə açır. Söhbət əsnasında kişi özünün xudavəndi-aləm tərəfindən bu ölkəyə peyğəmbər təyin olunduğunu söyləyir. Dəyirmançı yorğan-döşək salıb qonağın yerini rahatlayır.
Kişi yatmazdan öncə bayıra çıxır. Hava gözəl olur, göydə ulduzlar sayrışır. Dəyirman sahibinə elə damda yatmaq istədiyini deyir. Lakin dəyirmançı gecə qar yağacağını söyləyir. Qonaq bir söz deməyib içəri keçir, ev yiyəsindən onu sabah namazına oyatmasını xahiş edir.
Ev sahibi qonağı səhər tezdən tam namazın vaxtında oyadır. Qonaq namazını qılıb bayıra çıxanda gözlərinə inanmır: görür ki, hər yeri qar basıb. Üzünü dəyirmançıya tutub bu məmləkətdə məscid, müəzzin olmadığı halda onu düz vaxtında oyatmasının və gecə göydə ulduzlar sayrışdığı halda səhər qar yağacağını hardan bilməsinin sirrini açmasını xahiş edir. Dəyirmançı isə burda heç bir sirrin olmadığını deyir. Qar yağacağını gecə itin evə sürünərək girməsindən, səhər namazının vaxtını isə çaqqalların ulamasından bildiyini söyləyir. Qonaq dinməz-söyləməz xurcunu yığıb geriyə qayıtmaq üçün yola düzəlir. Dəyirmançı yüyürüb onun yolunu kəsir və təlaşla niyə getdiyini soruşur. Kişi belə cavab verir:
– Mən müəzzini çaqqal, münəccimi isə köpək olan məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.
Məsəllər, deyimlər