Reklam
Reklam

Məsəllər, deyimlər

MOSKVA GÖZ YAŞLARINA İNANMIR

►Təəssüf hissi yaratmayan şikayətlərə və səmimi olmayan göz yaşlarına inanmamağı bildirən ifadə.

İfadə bütün rus torpaqlarının Moskvanın hakimiyyəti altında birləşdirildiyi dövrlərdə yaranmışdır.

Konkret tarixə gəldikdə isə bununla bağlı iki versiya vardır. Birinci versiyaya görə, ifadə Moskva knyazlığının dirçəlişi dövründə camaatdan böyük xərac toplanan zaman meydana gəlmişdir. Həmin dövrdə şəhərlər yolverilən ədalətsizliklərlə bağlı Moskvaya çoxlu şikayətlər göndərirdilər. Çar başqalarını qorxutmaq üçün bəzən bu şikayətçiləri ağır cəzalandırırdı.

İkinci versiyaya görə, ifadə monqol-tatar əsarətindən azad olunduqdan sonra Novqorodun imtiyazlarının zəiflədiyi və Moskvanın hakimiyyətinin möhkəmləndiyi zaman yaranıb. Novqorodda meydana çıxmış ifadə ilk dövrdə bu şəkildə işlənirdi: «Moskva hamını vurur və Moskva göz yaşlarına baxmır (inanmır)».

Məsələ burasındadır ki, həmin dövrdə dövlət xəzinəsi Moskva knyazlığına daxil edilən şəhərlərdən yığılan vergilər hesabına doldurulurdu. Çox vaxt əlavə pul yığmaq lazım gəlirdi və xalq narazılıq etməyə başlayırdı. O zaman şəhərin idarəçiləri vergilərin azaldılmasını xahiş etmək üçün Moskvaya ərizəçilər göndərirdilər. Nümayəndələr çox vaxt fərmanları göz yaşları ilə əvvəllər knyaza, sonralar isə çara verir və ondan rəhm diləyirdilər. Amma əksər hallarda onların yalvarışlarına əhəmiyyət verilmirdi. Evə qayıdan nümayəndələr deyirdilər: «Moskva bizim göz yaşlarımıza inanmadı».

Məsəllər, deyimlər