Reklam
Reklam

Tarix terminləri lüğəti

milli-ərazi muxtariyyəti

Ərazi muxtariyyətinin bir növü, çoxmillətli dövlətlərdə milli məsələnin həlli üsullarından biri.

M-Ə.M. prinsipi unitar dövlətin əhalisinin əksəriyyətini hər hansı milli azlıq nümayəndələrinin təşkil etdiyi hissəsinə, yaxud hissələrinə daxili məsələlərin həllində müəyyən sərbəstlik verilməsini nəzərdə tutur. Bu statusa malik ərazilər inzibati, eləcə də dil və mədəniyyət sahələrinə aid məsələləri sərbəst surətdə həll etmək, yerli dövlət orqanlarını (icraedici və qanunverici) müstəqil şəkildə formalaşdırmaq hüququna sahib olur. Həmin dövlət qurumları mərkəzi hakimiyyətin nəzarəti altında fəaliyyət göstərsə də, öz səlahiyyətləri çərçivəsində qərarlar, qanunvericilik aktları qəbul edə bilir. M-Ə.M. məhdud xarakter daşıyır, belə ki, bu tip muxtariyyətin statusu (səlahiyyətləri) mərkəzi orqanlar tərəfindən müəyyən edilir. İspaniyada Kataloniya, Qalisiya və Basklar ölkəsi, Finlandiyada Aland adaları, Danimarkada Qrenlandiya və Farer adaları öz statusuna görə M-Ə.M.-nə misal ola bilər.

Həmçinin bax:

Tarix terminləri lüğəti