Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məvali şairlər

ər. mövla, məvali – sahib; azad olmuş qullar

VII–VIII əsrlərdə ərəb dilində yazıb-yaradan qeyri-ərəb şairlər.

İslamın ilk dövrlərində müsəlmanlığı qəbul etmiş, ərəblərin içərisində yaşamış qeyri-ərəblərə məvali deyilirdi. Həmin dövrdə Musa Şəhəvat, İsmayıl İbn Yəsar, Əbül-Abbas əl-Əma və əslən azərbaycanlı olan başqa şairlər haqqında müxtəlif mənbələrdə məlumat verilir. Məsələn, İbn Qüteybə özünün “Kitab-əş-şeir və şüəra” əsərində yazır: “Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, əslən Azərbaycandan olmasın”. Ərəbdilli poeziyanın inkişafında danılmaz xidmətləri olan bu şairlər öz xalqının bədii və fəlsəfi təfəkkürü ilə sıx bağlı olmuş, başqa xalqların nümayəndələrinə həqarətlə baxan ərəb zadəganlarına kəskin cavab verməkdən çəkinməmişlər. İsmayıl İbn Yəsardan ərəb xəlifəsinin sarayında mədhiyyə gözlənildiyi halda, onun mənsub olduğu xalqın mədəniyyətindən, şücaətindən söhbət açdığı, buna görə cəzalandırıldığı, sürgün edildiyi məlumdur. Mənbələrdə o hətta şüubi şair kimi təqdim edilib: “İsmayıl həddindən artıq əcəm təəssübkeşi olan bir şüub idi”.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti