►Kiməsə hədsiz sədaqətini sübut edərkən öz mənfəətini də yaddan çıxarmamağı eyhamla bildirən ifadə.
Məsəl Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Molla Nəsrəddin Teymurləngin qonağı olur. Mollanın hazırcavablığını sınamaq istəyən əmir süfrəyə gətirilən badımcandan hazırlanmış xörəkləri, ümumiyyətlə, bu tərəvəzi gah tərifləyir, gah da pisləyir.
Teymurləng:
– Dünyada ən sevdiyim şey badımcandır!
Molla Nəsrəddin:
– Mənim də badımcandan xoşum gəlir, qibleyi-aləm!
Teymurləng:
– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə yeməsəm, yadıma düşməz.
Molla Nəsrəddin:
– Mənim də, qibleyi-aləm!
Bu minvalla Molla həmsöhbətinin hər sözü ilə razılaşır. Teymur dözməyib Mollaya deyir:
– Ay Molla, sən nə qəribə adamsan?! Mən bu badımcan haqqında nə dedimsə, sən təsdiq etdin. Dedim: xoşuma gəlir, dedin: mənim də. Dedim: xoşuma gəlmir, dedin: mənim də. Bu nə olan şeydir?
Özünü itirməyən Molla deyir:
– Qibleyi-aləm, mən sənə qulluq edib donluğu səndən alıram. Badımcana qulluq etmirəm ki…
Məsəllər, deyimlər