Reklam
Reklam

Məsəllər, deyimlər

LEYLİYƏ MƏCNUNUN GÖZÜ İLƏ BAXIN

►Zahirən o qədər də gözəl olmayan birisinə vurulmuş adam haqqında söhbət getdikdə və ya həmin adamın məzəmmət edilməsinə etiraz olaraq işlədilən ifadə.

Məsəl Şərqdə geniş yayılmış məşhur eşq dastanında Məcnunun dilindən deyilmiş eyni fikirlə əlaqədardır.

Ərəb padşahlarından birinə dərin bilik və fövqəladə bəlağət qabiliyyətinə malik olan Məcnunun Leyli adlı qıza aşiq olaraq başını itirib dağa-daşa düşdüyünü xəbər verirlər. Şah əmr edir ki, Məcnunu onun yanına gətirsinlər.

Ertəsi gün Məcnunu padşahın sarayına gətirirlər. Şah ondan insanları tərk edib səhrada, heyvanların arasında yaşamasının səbəbini soruşur. Məcnun deyir:

− Siz qəlbimi o qıza verdiyim üçün məni qınamayın. Ağlımı başımdan aparacaq dərəcədə gözəl olduğu üçün əvvəlcə onu qınayın.

Padşah bu sözləri eşidib Leylini yanına gətirmələrini əmr edir. Lakin zahirən o qədər də yaraşıqlı olmayan, xüsusi gözəlliyi ilə seçilməyən Leylini gördükdə bu qarabəniz, arıq qıza Məcnunun belə dərin məhəbbətlə aşiq olduğuna təəccüb edir! Məcnun padşahın baxışlarından vermək istədiyi sualı duyub deyir:

− Qibleyi-aləm, siz ona öz nəzərinizlə deyil, Məcnunun gözü ilə baxın, onda mənim aşiqliyimin səbəbini başa düşərsiniz.

Məsəllər, deyimlər