Reklam
Reklam

Tarix terminləri lüğəti

latın dili

lat. lingua latina

İtaliyanın orta hissəsində qədim Latsidə (indiki Latsio) məskunlaşmış latın tayfalarının dili.

L.D. hazırda ölü dildir. O, hind-Avropa dillərinin italik dilləri qrupuna daxil olub və bir neçə inkişaf mərhələsi keçib:

1) ədəbi dilə qədərki dövr (e.ə. 240-cı ilədək);

2) qədim ədəbi dil dövrü, yaxud “arxaik L.D.” (e.ə. 240-cı ildən e.ə. 100-cü ilədək). Bu dövrdə bütün İtaliyanın latınlaşması prosesi başa çatıb;

3) klassik, yaxud “qızıl L.D.” dövrü (e.ə. 100-cü ildən e.ə. təxminən 14-cü ilədək). Bu dövrdə qrammatik normalar tam sabitləşib, ədəbi dil yüksək inkişaf səviyyəsinə çatıb;

4) “gümüş L.D.” dövrü (e.ə. 14-cü ildən eramızın 200-cü ilinədək);

5) “son L.D.” dövrü (200–600-cü illər). Bu dövrdə klassik L.D. canlı dil rolunu itirir, müxtəlif xalqlar L.D. əsasında formalaşmış roman dillərində danışmağa başlayırlar;

6) orta əsrlər dövrü (VII–XIV əsrlər). Həmin dövrdə L.D. Qərbi Avropada ümumi yazı, kilsə, elm və qismən ədəbi dil funksiyalarını yerinə yetirib;

7) “qızıl L.D.” və “gümüş L.D.” normalarının dirçəldilməsi dövrü (XIV əsrdən başlayır);

8) milli dillərin L.D.-ni qəti olaraq sıxışdırıb aradan çıxarması dövrü. Bu dövr XVI əsrdən başlayır, lakin L.D. XVIII əsrədək diplomatiya, XX əsrədək isə universitet təhsili, qismən elm dili kimi öz mövqelərini qoruyub saxlaya bilir;

9) müasir dövr. Hazırda L.D. yalnız elmi terminologiyada istifadə edilir, eyni zamanda katolik kilsəsinin və Vatikanın rəsmi dili olaraq qalır.

Həmçinin bax:

Tarix terminləri lüğəti