Reklam
Reklam

Məsəllər, deyimlər

KÖRPÜLƏRİ YANDIRMAQ

►Münasibətləri ciddi şəkildə korlamaq, əvvəlki münasibətlərə qayıda bilməmək.

İfadənin yaranması birbaşa müharibələrlə, hərb tarixi ilə bağlıdır.

Müharibə tarixində çoxlu nümunələr var, belə ki, qətiyyətli sərkərdə öz əsgərlərinin cəsurluğuna ümid bəsləmədən suda olan maneələri keçərkən geriyə çəkilməmək üçün yolları kəsmək məqsədilə öz gəmilərini, yaxud körpüləri yandırırdı; məsələn, normanların başçısı Fateh Vilhelm 1066-cı ildə qoşunu İngiltərəyə çıxardıqdan sonra gəmiləri yandırır. Geri çəkilmə yolunu kəsərək ingilis-sakson kralı II Haroldun qoşununun külünü göyə sovurur və tezliklə ingilis taxt-tacına sahib olur. Rus şahzadəsi Dmitri Donskoy Kulikovo çölündəki döyüş zamanı – 1380-ci il 8 sentyabr gecəsində Don çayını keçdikdən sonra bütün keçidləri və körpüləri dağıdır.

Hazırda bir çox dillərdə işlənən «körpüləri yandırmaq»la «gəmiləri yandırmaq» ifadələri heç də eyni mənanı vermir; ikinci ifadədən fərqli olaraq «körpüləri yandırmaq» hansısa münasibətin qəti şəkildə pozulduğunu, yenidən bərpasının mümkünsüzlüyünü bildirir.

«Gəmiləri yandırmaq» frazeologiyası isə yalnız irəli getməkdən və döyüşüb qələbə çalmaqdan başqa çıxış yolunun qalmadığını bildirir.

Məsəllər, deyimlər