Reklam
Reklam

Məsəllər, deyimlər

KOMSOMOLUN CANI İT CANIYMIŞ

Çox dözümlü, yaxşı fiziki hazırlığı olan, aldığı zərbələrə baxmayaraq müqavimət göstərən adamların bədəncə güclü olduğunu bildirən ifadə.

İfadə məşhur «Yeddi oğul istərəm» filmindən (1970) sonra geniş yayılmışdır.

Xalq şairi S.Vurğunun «Komsomol poeması»nın motivləri əsasında çəkilmiş filmdə (ssenari müəllifi: Y.Səmədoğlu, rejissor: T.Tağızadə) ucqar bir kənddə – Peykanlıda sovet hakimiyyətinin qurulmasından bəhs edilir. Gəray bəy və onun silahlı dəstəsi kəndi qorxu altında saxlayır, ictimai təsərrüfatın yaranmasını və kollektivləşməni təhdid edir.

Kəndə köməyə gəlmiş komsomolçulardan ibarət 7 nəfərlik silahlı dəstənin üzvlərindən olan Cəlal sinfi düşmən sayılan Gəray bəyin qızı Humayı sevir. Amma zaman və mövcud şərait bu məhəbbətin xeyrinə işləmir. Kənddə hadisələrin faciəli inkişafı, xüsusən döyüş dostunun qəddarlıqla öldürülməsi Cəlalı quldur dəstəsinin məskunlaşdığı «Qan çanağı»na qalxmağa vadar edir. O, Gəray bəyi günahsız qan tökməyi dayandırmağa çağırır. Gəray bəy düşmən qapısına öz ayağı ilə gəlmiş sadəlövh Cəlala təklif edir ki, Humayı ona verəcəyi təqdirdə dəstənin rəhbəri Bəxtiyarı təslim etsin. Cəlal bu təklifə bəyin üzünə tüpürməklə cavab verir.

Qaniçən Gəray bəy dəstəsinin önündə və «Yanıq Kərəmi» saz havasının sədaları altında Şəkər bəyin «yeni hökumətə» qoşulmuş oğlu Cəlalı güllələdir. Atılan güllələrdən onun hələ də müvazinətini saxlayıb yıxılmadığını gördükdə «çal, aşıq, çal, komsomolun canı it canıymış» deyə musiqini və atəşi davam etdirir.

İfadə bu gün də danışıqda və publisistik əsərlərdə kiminsə fiziki gücünü, dözümünü vurğulamaq məqsədilə işlədilir.

Məsəllər, deyimlər