►Ötüb-keçmiş və bir daha geri qaytarılması mümkün olmayan dövr, zaman, keçmiş əyyam.
İfadə 1789-cu ildə bəşər tarixində ən böyük hadisələrdən biri olmuş Fransa burjua inqilabı ilə bağlı yaranmışdır.
Həmin ilə qədər artıq səkkiz əsrə yaxın idi ki, Huqo Kapetin nəvə-nəticələrindən ibarət bir sülalə Fransada hökmranlıq edirdi. Bu müddət ərzində ölkə müharibə və qiyamlar, qələbə və məğlubiyyətlər, çiçəklənmə və yoxsulluqdan keçmiş, amma kral hakimiyyəti, zadəganlıq və kəndli sinfi toxunulmaz qalmışdı. Yüz ildən artıq bir müddətdə kral mütləq monarx olmuş və heç kimin onun hakimiyyətini məhdudlaşdırmağa cürəti çatmamışdı.
Nəhayət, 1789-cu ildə ölkə iflasın astanasına çatanda inqilab nəticəsində burjuaziya hakimiyyətə gəldi və bir neçə il ərzində Fransada hərc-mərclik hökm sürməyə başladı. Kralın səlahiyyətləri məhdudlaşdırıldı, 1792-ci ildə o, taxtdan salındı, bir il sonra edam edildi. Amma nəticədə inqilabi hökumətin yerini Napoleon Bonapartın diktaturası tutdu.
1815-ci ildə Napoleonun tam məğlubiyyətindən sonra isə edam edilmiş XVI Lüdovikin qardaşı XVIII Lüdovik taxta çıxdı. Ancaq kralın hakimiyyəti 1789-cu ilə qədər olduğu kimi qeyri-məhdud deyildi. Onun əvvəlki səlahiyyətləri bir daha özünə qaytarılmadı.
İnsanların yeni yaranmış vəziyyəti əvvəlki ilə müqayisə etmələri təbii idi və fransızlar 1789-cu ilə qədər olan həyatları barədə söz açanda daim «köhnə rejim» ifadəsini işlədirdilər. Bu ifadə dilə düşərək keçmiş və bir daha qayıtmayacaq dövrləri ifadə etmək üçün işlədilir.
Məsəllər, deyimlər